Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
YAQUB MƏMMƏDOV:

0

  • “Xocalının səsi” qəzetinin qarşısında duran əsas fəaliyyət istiqamətlərindən biri də erməni vəhşiliklərini, başımıza gətirilən müsibətləri unutdurmamaq məqsədilə Xocalı soyqırımının canlı şahidlərini danışdırmaq, əsir düşmüş sakinlərə verilən işgəncələri oxuculara çatdırmaqdır. Bu məqsədlə 30 gün erməni quldurlarının əsirliyində olmuş, ağır işgəncələrə məruz qalmış, II qrup Milli münaqişə əlili və müharibə veteranı, Xocalı sakini Məmmədov Yaqub Qədir oğlunun danışdıqlarını qələmə alıb oxucularla paylaşırıq. Məmmədov Yaqub Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Yeni yaşayış massivində müvəqqəti məskunlaşıb. O, 1940-cı il mart ayının 19-da Xocalıda anadan olub. 10 il Xocalıda təsərrüfat sədri işləyib. Onun nurani simasında Xocalı faciəsinin bütün təəssüratlarının izləri açıq-aşkar hiss olunur. Başına gətirilən müsibətləri danışarkən onun ürək ağrısı, çəkdiyi işgəncələrin mənəvi əziyyəti, yaşaran gözlərində daha da canlanır. Ancaq ümid dolu sözləri onun əzmkarlığını və Vətənə bağlılığını göstərir. 
              Müsahibimə ilk sualım təsərrüfat sədri işləyərkən ermənilərin xalqımıza qarşı mənfur niyyətlərinin hansı dərəcədə biruzə verməsi ilə bağlı oldu.
            - 1990-cı ilə qədər işlədiyi müddətdə qarşılaşdığım ermənilər öz mənfur xislətini göstərir və imkan olanda pisliklərini etməyə hazır idilər. Ermənilər briqadanın məhsullarını almırdılar. Məhsullar tələf olurdu. Yaşlı ermənilər deyirdilər ki, sizin babalarınız bizim xalqa zülm ediblər.
            - Xocalı soyqırımı necə baş verdi? Siz necə oldu ki, ermənilərə əsir düşdünüz?
            - Xocalı soyqırımından 13 gün öncə ailə üzvlərimi sonuncu vertolyotla şəhərdən çıxardım. Faciə gecəsi özünümüdafiə batalyonunda xidmət edirdim. Erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının köməyi ilə Xocalı şəhərini hər tərəfdən mühasirəyə aldılar. Dinc sakinlər canlarını qurtarmaq üçün soyuq qış gecəsində çöllərə düşdülar. Şəhəri ən axırıncı tərk edən ən  sakinlərdən biri  də mən oldum. Mən Xocalıdan Qarqarçaya tərəf gedən əhalinin bir hissəsi ilə birləşdim. Hamı Ağdam istiqamətində qaçırdı. Həmin gecə güclü qar yağırdı. Dəhraz meşəsində ermənilər xocalıların gedəcəyi bütün yerlərə pusqu qurub bağlamışdılar. Gördükləri insanların hamısını güllələyirdilər. Təslim olanları girov götürürdülər. Yer qar olduğundan qaçan insanları ayaq izlərindən asanlıqla tapırdılar. Müxtəlif istiqamətlərə hərəkət etməklə 3 gün meşədə tək qaldım. Yeməyim, içməyim ancaq qar olub. 3 gündən sonra 5 erməni məni əsir tutdu. Məni əsir tutduqları bir neçə nəfərlə Naxçıvanlı kəndindəki fermaya saldılar. Onların içərisində tanışlardan Elbrus Abbasov, Elbrusun anası, əmisi arvadı, Nadir və başqaları var idi. Həmin gün məni demək olar ki, kəndin bütün camaatı - arvadlı, kişili əllərinə keçən daşı, ağacı mənim başıma vurdular. Sonra oradan bizi çıxardıb hərbi UAZ-a yığdılar. Bizi Dəhraz kəndinə gətirdilər. Dəhrazda bizi xeyir-şər evinə yığdılar. Orada ən azı 500 Xocalı sakini var idi. Biz ora çatanda dedilər ki, sizdən qabaq 13 nəfər boylu-buxunlu oğlanı seçib güllələdilər. Bir gecə orada qaldıqdan sonra bir "Kamaz" dolana qədər bizi yığıb Xankəndinə apardılar. Naxçıvanlı - Aranzəmin yolu arasında təxminən 500 nəfər öldürmüşdülər. Öldürülənlər arasında uşaqlar, qocalar və qadınlar da var idi. Bir ay Xankəndində Milis Şöbəsinin təcridxanasında saxladılar. Orada saxlanılan əsirləri gündə 3 dəfə amansızcasına döyür və ağır işgəncələr verirdilər. Hər bir adama 50 qram çörək, 9 adama bir stəkan su verirdilər. Bir gün içimizdə kimlərin erməni və rus dilində bildiklərini soruşdular. Həmin suala cavab olaraq mən bilirəm dedim. Elə həmin vaxt məni çölə çıxarıb bərk döydülər. Onlar üçün maraqlı o idi ki, erməni dilini mən haradan bilirəm. Mən onlara bildirdim ki, 10 il təsərrüfat sədri işləmişəm və erməni dilini bilməsəm işləmək çətin idi. Sonra mənə dedilər ki, ingilis jurnalistləri gəlib, səni aparacağıq səndən müsahibə götürəcəklər, ancaq onlara biz deyənləri danışacaqsan. Elə bu vaxt qabağıma iki kağız listi qoydular. Baxanda gördüm ki, siyahıda 70 nəfər Xocalı sakininin və 35 nəfər Qaradağlı sakininin adı var. Mənə dedilər ki, xocalıların siyahısına imzanı çək. Orada yazılmışdı ki, guya səhər yeməyinə bizə yağ-pendir, şirinçay, naharımıza və axşamımıza da yaxşı yeməklər verilir. O siyahıların hamısına mənə məcburi imza çəkdirdilər. Daha sonra 50 nəfər avtomatlı məni həmin jurnalistlərin yanına apardılar. Mən içəridə jurnalistlərlə görüşdüyüm zaman arxa tərəfimdə yekəpər plaşlı bir adam oturmuşdu. Danışıq sual-cavab əsasında getməli idi. Jurnalistlərdən biri qadın, ikisi kişi idi. Mən stolda istiqamətimi dəyişdim ki, arxa tərəfim o adama tərəf düşməsin. Jurnalistlər həmin adamın otaqdan çıxmasını əmr etdilər. Ancaq o çıxmaq istəmirdi və rusca mən də iştirak etməliyəm dedi. Jurnalistlərdən biri əsəbləşərək Zori Balayan, əmr edirəm dur çıx kabinetdən deyən zaman anladım ki, o erməni qaniçəni Zori Balayandır. Onu otaqdan çıxartdılar. Məni sorğu-sual etdilər. Ermənilər qabaqcadan mənə tapşırıq vermişdilər ki, bizi döymürlər, yatdığımız yer istidi, yaxşı yeməklər verirlər. Verilən suallara ermənilərin tapşırdıqları kim cavab verməli oldum. Lakin ingilis jurnalistləri verilən sualların üzərindən səthi keçmədilər, öz peşəkarlıqları ilə müsahibə götürdülər. Belə ki, mənim paltarımı soyundurub ermənilərə göstərdilər ki, bədənimdə ət rəngi yoxdur, hər tərəfim qap-qaradır. Paltarımı geyinəndən sonra mənə sual etdilər ki, bizdən istəyin nədir. Dedim ki, biz Qarabağda doğulub, Qarabağda böyümüşük. Ermənilər çığırışdılar ki, Qarabağ bizimdir, Qorbaçov bizə verib. Mən onlardan bir xahiş elədim. Azərbaycan xalqının qarşıdan əziz bayramı - Novruz bayramı gəlir. Bu əsirlərə köməyiniz o olsun ki, bu bayram ərəfəsində əsirləri azad edəsiniz. Danışıq qurtardıqdan sonra mənə bir siqaret verdilər. Bütov paket verdilər, götürmədim. Jurnalistlər ermənilərə dedilər ki, danışıq qurtardı, əsiri apara bilərsiniz. Nəticəsi isə bu oldu: qılçamın birini avtomatın qundağı ilə qırdılar, vurduqları zərbədən dəmir hasarın üstünə yıxıldım burnum kəsildi, aldığım zədədən sinirim zədələndi və bu gün qulaqlarım çox ağır eşidir. Eşitmə qabiliyyətimi itirmişəm. Məni əsirlikdən qardaşım oğlanları xilas etdirib. Bir ay əsirlikdə qaldım. Hər gün dözülməz işgəncələr gördüm.
            Mən deyərdim ki, Xocalı camaatının hamısı şəhid verib. Elə bir ailə yoxdur ki, şəhidi olmasın. O vaxt gələn adamlardan çoxu dünyasını dəyişib. Buraxılan adamların da hamısı I və II qrup əlildir.
            - Sizin əsirlikdə yaşadıqlarınız çox ağır və dözülməz olub. Ancaq buna baxmayaraq, sizin əqidənizdə məğrurluq və düşməndən qisas almaq hissi artıq dərəcədə bəlli olur. Əsirlikdə çəkdiyiniz işgəncələrin səbəbindən bu gün həyatınızı çətinliklə davam etdirməkdəsiniz. Rayonumuzun qəzeti vasitəsilə çatdırmaq istədiyiniz hər hansı xahişiniz, təklifiniz varmı?
            - Mən ölkəmizin başçısına, rayonumuzun rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bu gün yaşayırıq, çox yaxşı şəraitdə yaşayırıq. Gözəl, hər cürə şəraiti olan binalarda yaşayırıq. İnşallah işğal olunmuş torpaqlarımızı azad edəcəyik və doğma torpaqlarımızda yenidən yaşayacağıq. Allah Azərbaycan xalqına, möhtərəm Prezidentimiz İlham Əliyevə kömək olsun.
            Heç nə yaddan çıxmır. Siz də sağ olun ki, bizləri yad edir və unutmursunuz.
            Danışdıqca insanın dərdi az da olsa yüngülləşir. Xocalı soyqırımının dəhşətlərini, erməni vəhşiliklərini sizin sayənizdə bir daha oxuculara çatdırmış oluruq. Xocalı şəhidlərinin qisası yerdə qalmayacaq. Allahdan sizə cansağlığı və Xocalıya qayıtmaq gününü nəsib etməyi arzu edirəm.
           - Müsahibə üçün minnətdaram.

    Qalib BƏYMƏMMƏDOĞLU


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib73 dəfə
    yaqub mƏmmƏdov:

    Maraqlı gələ bilər
    116
    50
    56
    45
    50
    48